“NDT” nədir?

“NDT” nədir?

22 Okt 2021

İnspeksiyanın əsas məqsədi sənaye sahələrində avadanlıqların istifadəyə yararlılığını yoxlamaq, insan həyatını və ətraf mühiti təhlükədən, şirkətləri maddi zərərdən qorumaqdır. Cihazlar ildə bir dəfə yoxlanılmalı, aşkar edilən xəta aradan qaldırılmalı və ya ölçmə zamanı nəzərə alınmalıdır.

Mexanika yoxlamalarının böyük bir qismi qeyri-dağıdıcı sınaq (NDT – Non-destructive testing) vasitəsilə həyata keçirilir. NDT müxtəlif sənayələrdə tətbiq olunan geniş analitik üsullardan ibarətdir. NDT metodları sınaq altında olan hissəyə və ya struktura heç bir şəkildə ziyan vurmadığına görə keyfiyyət qiymətləndirməsində, aktivlərin idarə olunmasında, qüsurların müəyyənləşdirilməsində və təmirində tətbiq edilərkən maliyyə və zaman baxımından qənaətə səbəb ola biləcək çox faydalı üsullardır.

Ultrasəs müayinəsi (UT), Maqnetik hissəciklərlə yoxlama (MPI), Maye penetrant testi (LPT), Radioqrafik test (RT), Vizual yoxlama (VT) və İnduksiya Cərəyanı ilə test (Eddy Current) kimi NDT metodları mülki, istehsalat və xüsusilə neft-qaz sənayesində bir standart olaraq istifadə olunur. NDT sahəsindəki irəliləyişlər, qüsurların 3D görüntülərinin alınmasına imkan yaradaraq bir çox sənaye sektorlarında çevrilişə səbəb olub.

Neft-qaz sənayesində NDT “upstream” (kəşfiyyat / istehsal), “midstream” (boru kəməri ilə nəql) və “downstream” (emal) sektorlarını əhatə edir. Təhlükəsizlik, etibarlılıq, ətraf mühitin mühafizəsi və daimi tələbat, neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlərin avadanlıqlarının bütövlüyünün təmin edilməsi üçün ciddi məsuliyyət daşımasına gətirir.

NDT metodları emal avadanlıqları, boruları və yanacaq daşıyıcıları olan boru kəmərlərini yoxlamaq üçün istifadə edilə bilər. Bütün bunlar yoxlanış zamanı faktiki quruluşu dəyişdirmədən və ya aparılan əməliyyatları dayandırmadan həyata keçirilir. Üstəlik, qabaqcıl NDT metodlarından istifadə edərək hətta həcmi qüsurları aşkar etmək də mümkündür.

Bu xüsusilə neft emalı proseslərində ən böyük problemlərdən biri olan və astronomik miqyasda xərclərə gətirib çıxaran izolyasiya altında korroziya (CUI – Corrosion Under İnsulation) hallarında çox vacibdir. Belə ki, boru sızmaları 60% hallarda məhz CUI səbəbindən yaranır.